1-Qazanc və iş mənfəəti

Böyük Mərcəyi-təqlid Ayətullah əl-uzma Məkarim Şirazinin dəftərxanasının rəsmi saytı

صفحه کاربران ویژه - خروج
əsasında düz
 
Şəriət hökmlərinin izahı
2-Mə’dənOruc tuta bilməyən şəxslər


Məsələ 1475: Əgər insan əkinçilik, sənət, ticarət, fəhləlik, müxtəlif idarələrdə işləməklə və s. qazanc əldə etsə, bu halda özünün, ailəsinin və öhdəsində olduğu şəxslərin illik xərclərindən artıq qaldığı halda, onun xümsünü (beşdən birini) sonradan deyiləcək göstərişlərə əsasən, ödəməlidir.


Məsələ 1476: Qazanc və qazanc növlərində heç bir fərq yoxdur. Lakin, insan başqasından borc ünvanı ilə bir şey alsa, xümsü yoxdur. Həmçinin, irs adı ilə ona çatan malların xümsü yoxdur. Amma, əgər meyyitin öz malının xümsünü vermədiyini və yaxud başqa mallarına görə xümsə borclu olduğunu bilsə, istisnadır.


Məsələ 1477: Əgər bir şəxs ona bir şey bağışlasa və illik xərcindən artıq qalsa vacib ehtiyata görə, onun xümsünü ödəməlidir. Habelə, uzaq qohumundan ona irs çatsa və onun belə bir qohumun olmasından xəbəri olmayıbsa və ona belə bir yerdən irs çatacağına güman etməyibsə, vacib ehtiyata görə, onun xümsünü ödəməlidir.


Məsələ 1478: Əgər bir şəxs hər hansı bir mülkü müəyyən şəxslərə, məsələn, öz övladlarına vəqf etsə və o mülkdən müəyyən gəlir əldə olunsa və onların illik xərclərindən artıq olsa, onun xümsü verilməlidir.


Məsələ 1479:
Müstəhəqq şəxslərin xüms və yaxud zəkat ünvanı ilə aldığı şeylərin, illik xərclərindən çox olsa belə, xümsü yoxdur. Lakin, əgər ona bu vasitə ilə verilən maldan müəyyən mənfəət əldə etsə, məsələn, ona xüms kimi verilən ağacdan meyvə əldə etsə, illik xərclərindən artıq qalan hissənin xümsünü verməlidir.


Məsələ 1480: Əgər xümsü verilməmiş pulun özü ilə bir mal alsalar, müamilə xüms miqdarına nisbətdə batildir. Lakin, şəriət hakimi icazə versə, istisnadır. Bu halda, aldığı şeyin beşdə birini şəriət hakiminə verməlidir.


Məsələ 1481: Əgər bir malı öz öhdəliyi ilə alıb, müamilədən sonra onun haqqını xümsünü vermədiyi pulla ödəsə, müamiləsi düzgündür və onu işlətməsi caizdir. Lakin, xümsü verilməyən pulu satıcıya verdiyi üçün , o pulun xümsü qədər ona borclu sayılır. Satıcıya verilən pul yanında qaldığı halda şəriət hakimi onu alacaq. (Pul) xərcləndiyi halda şəriət hakimi onun əvəzini alıcıdan və yaxud da satıcıdan tələb edəcəkdir.


Məsələ 1482: Xümsü verilməyən malı alan şəxsin alveri xümsə nisbətdə batildir. Lakin, şəriət hakiminin icazəsi ilə belə bir alver baş tuta bilər. Belə olan halda gərək alverin xümsünün pulu ona verilsin. Əgər (bu pulu) satıcıya veribsə, ondan alınıb şəriət hakiminə verilməlidir.


Məsələ 1483: Əgər xümsünü vermədiyi bir şeyi başqasına bağışlasa, bu malın xümsü qədəri onun mülkü sayılmır.


Məsələ 1484: Əgər insana kafirdən, yaxud xüms verməyə e’tiqadı olmayan bir şəxsdən müəyyən qədər mal ticarət və yaxud başqa bir yolla yetişsə, onun xümsünü vermək vacib deyil. Lakin, əgər xümsün verilməsinə e’tiqadı olduğu halda xümsünu ödəməyibsə, onun xümsünu ödəmək vacibdir.


Məsələ 1485: Əgər ümumi şəkildə bir şəxsin xümsə e’tiqadlı olduğunu, lakin, xümsünü vermədiyini bilir, amma, bizə verdiyi mala xüms düşüb-düşmədiyini bilmiriksə, məsələn, ehtimal üzündən, bir mal irs vasitəsi ilə ona çatıb və yaxud borc alıb və bu malın da ondan olduğuna ehtimal etdiyimiz halda, bu malda təsərrüf etməyin eybi yoxdur və onun xümsü lazım deyil. Habelə, belə şəxslərin də’vətini qəbul etmək və yaxud evlərində namaz qılmaq caizdir. Lakin, hazırladığı yeməyin və ya tikdirdiyi evin xümsü verilməyən pulla olduğunu bilsək, (orada yemək yeyib namaz qılmaq caiz deyil).


Məsələ 1486: Hər bir şəxsin xüms ilini hesablamaq başlanğıcı əldə etdiyi ilk qazancdır. Yəni əgər bir şəxs ticarətə, qazanca, sənətə, əkinçiliyə və s. başlasa və əldə etdiyi ilk qazanc günü onun xüms ilidir. Bu vaxtı heç bir məqsəd və niyyətlə nə qabağa və nə də arxaya çəkə bilməz. İlin əvvəlini qabağa çəkmək istəyən şəxs üçün çıxış yolu öz illik hesabını müəyyən edilmiş gündən tez çatdıraraq, xümsünü ödəməsidir. Həmin vaxt onun xüms ili sayılacaq.


Məsələ 1487: İnsan ilin ortasında əlinə çatan hər bir mənfəətin xumsunu verə bilər. Lakin, onun ilin sonuna qədər saxlayıb, ehtimal verdiyi xərclərini ondan götürə bilər.


Məsələ 1488: Xümsü vermək üçün həm qəməri və həm də şəmsi ilini me’yar götürə bilər.


Məsələ 1489: Artıq gəliri olmayan şəxsin xüms ili tə’yin etməsinə ehtiyac yoxdur.


Məsələ 1490: Xüms ili olan şəxs ilin ortasında ölsə ilin sonuna qədər onun xərclərini gəlirlərindən azladıb, qalan hissəsinin xümsünü ödəməlidirlər.


Məsələ 1491: Əgər ticarət üçün aldığı malın qiyməti bahalaşsa, ticarət və alver məsləhətlərinə əsasən, malı satmayıb il ərzində onun qiyməti aşağı düşsə, bahalanan miqdarın xümsü ona vacib deyil. Lakin, malın qiyməti ilin sonuna qədər yuxarı olduğu halda il tamam olanda onun xümsünü ödəməlidir. Hətta, il tamam olduqdan sonra malın qiyməti aşağı düşsə belə. Bu, bir haldadır ki, ilin sonu malın satılma vaxtı olduğu halda öz istəyi ilə onu satmasın.


Məsələ 1492: Əgər ticarət malından başqa xümsünü vermiş olduğu və ya ümumiyyətlə xümsü olmayan (irs kimi) malı olsa və onu qiyməti bahalanandan sonra satsa, bahalaşan miqdarın xümsünü verməlidir. Həmçinin, xümsünü verdiyi qoyun kökəlsə, onu satan zaman artan çəkinin xümsünü verməlidir.


Məsələ 1493: Əgər qiyməti bahalanandan sonra satmaq məqsədi ilə bağ salsa, onun satış vaxtı yetişdikdə xümsünü ödəməlidir. Amma məqsədi meyvəsindən istifadə etmək olsa, meyvələrin xümsünü verməlidir. Bağın xümsünü isə satan vaxt verəcək.


Məsələ 1494: Materialından istifadə etmək üçün böyüdülən ağacların taxtalarının satış vaxtı yetişdikdə onun xümsünü verməlidirlər; hətta, onu satmaq istəməsələr belə. Lakin, onların satış vaxtı çatmayıbsa, neçə il ötməsinə baxmayaraq, xümsü yoxdur.


Məsələ 1495: Bir neçə iş və qazanc yeri olan şəxs, məsələn, həm əkinçilik edir, həm peşə sahibidir və həm də fəhləlik qazancı varsa, ilin sonunda bütün qazanclarını birgə hesablamalı və xərclərinin qalan hissəsinin xümsünü ödəməlidir.


Məsələ 1496: Fayda əldə etmək üçün etdiyi xərclər, məsələn, dəllallıq, yükdaşıma və s. illik xərclərindən hesab olunur.


Məsələ 1497: Məişət xərclərinin xümsü yoxdur. Yəni, insanın il boyu yemək, geyim, mənzil, ev avadanlıqları, izdivac, qızın cehizliyi, vacib və müstəhəb ziyarətlər, hədiyyə, ziyafət və bu kimi şeylər üçün ifrat etmədən xərclədiyi qazancın xümsü yoxdur. Lakin, ilin sonuna qalan artıq qazancın xümsü var. İlin xərcinə çevrilən şeylərin, məsələn, ev, xalça, ayrı avadanlıqların xümsü yoxdur. Əgər sonradan onu satsalar onun qiymətinə xüms düşməz. Xüsusi ilə əgər onu onun kimi bir şeylə əvəz etmək istəsələr.


Məsələ 1498: İnsanın nəzir, kəffarə və s. şeylərə xərclədiyi mal illik xərclərindən hesab olunur. Habelə bağışladığı, hədiyyə verdiyi mallar ifrat həddində olmadığı halda illik xərclərindən hesab olunur.


Məsələ 1499: Mülki evə ehtiyacı olan şəxsin ev alması üçün xərclədiyi pulun xümsü yoxdur. Lakin, illik gəliri ev alması üçün kafi olmadıqda və bu imkana çatmaqdan ötrü bir neçə il pul yığsa, bir il keçəndən sonra bu pulların xümsü verilməlidir. Amma, misal üçün, ilin əvvəlində ev üçün torpaq, sonrakı ildə evin avadanlıqlarını və üçüncü ildə evin tikinti xərclərini ödədiyi halda heç birinin xümsü yoxdur.


Məsələ 1500: Əksər ailələrdə adətən, qızın cehizliyini tədriclə hazırlayırlar. Bu halda, cehizliyin alınmasından bir il ötdükdən sonra xüms ona vacib olur. Lakin, bəzi məntəqələrdə əvvəlcədən cehizlik hazırlanmadıqda eyb sayılırsa və yaxud cehizliyi birdəfəlik hazırlamaq imkansız olduqda, alınan cehizliyin xümsü yoxdur.


Məsələ 1501: Özləri üçün qabaqcadan hazırladıqları qəbir və kəfənlərin üstündən bir il ötdükdə xümsü var.


Məsələ 1502: Bir dəfə xümsü verilən mala ikinci dəfə xüms gəlməz. Lakin, xümsü verilən mal inkişaf etsə və ya ona bir şey əlavə olunsa xümsü var.


Məsələ 1503:
Qeyd edildiyi kimi, Həcc və ya müstəhəb ziyarətlərin xərci həmin ilin gəlirindən sayılsa, xümsü yoxdur. Əgər çarəsizlik üzündən bir neçə il öncə (ziyarətə getmək üçün) ad yazdırıb, pulunu ödəsə, həmin ilin gəlirindən hesab olunur, (o pulun) həm o ildə və həm də sonrakı illərdə xümsü yoxdur.


Məsələ 1504: Kəsb və ticarətdən müəyyən qədər gəlir əldə edən bir şəxsin, xümsü vacib olmayan və yaxud xümsü verilmiş başqa malı da olsa, o iki malı bir-birindən ayıra bilər və illik xərclərini yalnız həmin ilin qazancından götürə bilər. Lakin, öz xərclərini xümsü olmayan və ya qabaqcadan xümsü verilmiş puldan götürsə, bu xərcləri o ilin gəlirindən azalda bilməz.


Məsələ 1505: Əgər alver və iş gəlirindən bir il üçün lazım olan azuqəni alsa və ilin axırında ondan bir şey artıq qalsa, onun xümsünü verməlidir. Ehtiyata görə, hətta ərzaq mə’mulatları və s. kimi az əhəmiyyəti olan şeylərin hamısını hesablamalıdır. Diqqət yetirilməlidir ki, əgər onun qiymətini hesablayıb, pulunun xümsünü vermək istəsə və qiyməti, aldığı vaxtdakı qiymətdən artıq və ya az olmasından asılı olmayaraq, ilin axırındakı qiymətlə hesab etməlidir.


Məsələ 1506: İl boyu ehtiyac duyduğu avadanlıqları alsa, xümsü yoxdur. Əgər sonradan o avadanlıqlardan ehtiyacsız olsa, xümsünu verməsi lazım deyil. Həmçinin, qadınların yaşı ötməsi ilə onlara lazım olmayan qızıl əşyalarının da xümsü yoxdur. Lakin, ehtiyat müstəhəbbə əsasən, bu avadanlıqların, qızıl əşyalarının xümsünu versin.


Məsələ 1507: Dini tələbələrin və ya qeyrilərinin qazanclarından aldıqları kitablara ehtiyacları olduğu halda, xümsü yoxdur. Amma hazırda bu kitablara ehtiyacları yoxdursa və məqsədləri gələcəkdə istifadə etmədirsə xümsü var. (Əgər il boyu o kitablardan istifadə etməsələr, lakin, o kitabların kitabxanada zəruri hallarda istifadə etmək üçün olması lazımdırsa, ehtiyacdan sayılır.) Həmçinin, il boyu istifadə olunmasa belə, yanğının baş verə biləcəyi ehtimal olunan yerlərdə yanğınsöndürən cihazların və evlərdə məişət xərclərindən hesab olunan tə’cili yardım üçün lazım olan bəzi dərmanların xümsü yoxdur.


Məsələ 1508:
Əgər bir ildə qazan əldə etməsə, ehtiyata əsasən, o ilin xərcini sonrakı ilin qazancından azalda bilməz.


Məsələ 1509: Əgər ilin əvvəlində qazancı olmadığı üçün sərmayəsindən xərcləsə və lakin il tamam olmadıqdan öncə bir qazanc əldə etsə, sərmayəsindən götürdüyü miqdarı qazancdan azalda bilər.


Məsələ 1510: Ehtiyac duyulan, az olduqda şəxsiyyətinə uyğun yaşaya bilməyəcəyi təqdirdə, sərmayənin xümsü yoxdur. Yəni həmin və sonrakı ilin gəlirlərindən götürüb, sərmayə edə bilər. Onun xümsünu ödəməklə işinə bir zərər yetişməzsə, bu sərmayənin ticarət, yer, su, əkinçilik üçün əmlak və iş vəsaitləri olmasından asılı olmayaraq, onun xümsünu verməlidir.


Məsələ 1511: Əgər iş və yaxud ticarət əsnasında sərmayənin bir miqdarı aradan getsə və bu, alver zərərlərindən sayılsa, onun miqdarını qazancdan götürə bilər. Lakin ayrı hadisələrə görə zərərə uğrasa (oğurluq və s. kimi), onu qazancdan götürə bilməz. Əgər yerdə qalan sərmayə ilə öz şəxsiyyətinə uyğun ticarət işini davam etdirə bilməsə, istisnadır.


Məsələ 1512: Əgər sərmayədən başqa, onun malından olan başqa bir şey sınmaq, yanmaq, oğurlanmaq və s. vasitlərlə aradan getsə, həmin il ona ehtiyacı olduğu halda, onu həmin ilin qazancından hazırlaya bilər.


Məsələ 1513: Əgər ilin əvvəlində öz xərclərini ödəməkdən ötrü borc etsə və il qurtarmazdan qabaq qazanc əldə etsə, öz borc miqdarını o mənfəətdən çıxa bilər. İl boyu qazanc əldə etməsə və öz xərclərini ödəməkdən ötrü borc alsa, borclarını ödəməkdən ötrü sonrakı illərin qazancından istifadə edə bilər.


Məsələ 1514: Məişət xərcləri, zərər, talançılıq və s. şeylərə görə insan borca düşərsə, onu həmin ilin qazancından ödəyə bilər. Amma borcunu kredit yolu ilə verirsə, yalnız həmin ildə ödəməli olduğu kreditlər o ilin xərclərindən sayılır.


Məsələ 1515: Əgər malını çoxaltmaq və ya ehtiyacı olmadığı bir əmlakı almaq qəsdi ilə borc alsa, o borcu ilin qazancından azalda bilməz. Lakin borca götürdüyü malı və yaxud borc vasitəsi ilə aldığı şeyi hansısa səbəb üzündən əldən versə və məcburi halda borcunu ödəməli olsa, onu illik mənfəət və qazancından ödəyə bilər.


Məsələ 1516: İnsan xümsünü vermədiyi maldan istifadə edə bilməz. Yalnız xüms verməyi niyyət etmək kafi deyil. Həmçinin, xümsü boynuna alıb, maldan istifadə edə bilməz. Əgər istifadə etsə, haram iş görmüşdür və o mal tələf olsa, onun xümsünü ödəməlidir.


Məsələ 1517: Xüms borcu olan bir şəxs şəriət hakiminin icazəsi ilə (müstəhəqlərin məsləhətini nəzərə almaqla) razılaşıb və pulu əldən-ələ verib malın hamısında təsərrüf edə bilər. Əgər ondan sonra malda bir gəlir əldə edilsə, ona məxsus olar.


Məsələ 1518:
Başqası ilə şərik olan bir şəxs, ortağının malının xümsünü vermədiyini bildiyi halda onunla alverini davam etdirməsi caiz deyil. Şərikli mala xüms gəldiyi halda, hər ikisinin ondan istifadə etməsi haramdır.


Məsələ 1519: İnsan bir malın xümsünün verilmədiyini yəqin etdiyi halda ondan istifadə edə bilməz. Lakin bir kəsin malının xümsünü verib-vermədiyində şəkk etdiyi halda o maldan istifadə etməsi caizdir. Belə bir şəxsin verdiyi hədiyyəni almaq, onunla alver etmək, verdiyi ziyafətdə iştirak etməyin eybi yoxdur və bu haqda araşdırma aparmaq lazım deyil.


Məsələ 1520: Bir şəxs dini vəzifə boynuna gəldikdən bəri xüms verməyib, qazanc əldə edib, məişətinə lazım olan avadanlıqlar alıb və indi isə xüms verməli olduğunu anlayıb və onun haqqında öz vəzifəsini icra edib, yaşayışını halal etmək istəyirsə, əgər qazancının mənfətindən özünə lazım olmayan əşyaları alıb, bir il onun üstündən ötübsə, onun xümsünü verməlidir. Yox, əgər, mənfət qazandığı il əsnasında öz şə’ninə uyğun, ehtiyac duyduğu ev avadanlıqları və başqa şeyləri alıbsa, qazanc əldə etdiyi il əsnasında onları aldığını bilsə, onun xümsünü verməsi lazım deyil. Əgər il əsnasında və ya il tamam olandan sonra olduğunu bilməsə, vacib ehtiyata əsasən, gərək şəriət hakimi və ya onun nümayəndəsi ilə razılaşmalıdır. Yəni, şəkk etdiyi bütün malını hesablamalı və şəriət hakimi xüms baxımından onun borcunu təxmin edib, onunla müsalihə edər və onu ödəməklə bütün malı pak olar.


Məsələ 1521: Əgər bir kiçik uşağın qazancı olub, illik xərcindən artıq qalsa, vacib ehtiyata əsasən, həddi-büluğa çatdıqdan sonra onun xümsünü verməlidir.


Məsələ 1522: Müxtəlif paltarlar, üzük, bəzək əşyaları və ayrı ev avadanlıqları insanın şə’nində və ehtiyac duyduğu həddə olsa və həmin ilin mənfəətindən alınarsa, xümsü yoxdur. Lakin ehtiyac duyulmadığı həddə və şə’nindən xaric olarsa, ehtiyac duyulmayan miqdarın xümsü verilməlidir.


Məsələ 1523: Haram əşyalar (kişi üçün qızıl üzük və ya eyş-işrət əşyaları almaq) üçün xərclənən pulların xümsü var.


Məsələ 1524: Təqaüd, girovu geri alma ünvanı ilə verilən məbləğ illik gəlirdən hesab edilir. Əgər ondan ilin sonuna qədər bir şey qalmasa xümsü yoxdur, əgər artıq qalarsa xümsü var.


Məsələ 1525: Bankda yerləşdirilən pullara verilən hədiyyələr, əgər müştəri ilə (bankda pul qoyanla) bank arasında heç bir müqavilə imzalanmayıbsa, haladır. Ehtiyat vacibə əsasən, ilin ötməsi ilə onun xümsü vacib olur. Bu, müştərinin özünü tələbkar bilməmədiyi, yalnız bank sahibi müştərilərini həvəsləndirmək qəsdi ilə hədiyyə verdiyi haldadır.
 

2-Mə’dənOruc tuta bilməyən şəxslər
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma