Şübhəsiz, islam dini dünya səviyyəli bir din olub, dünyanın bütün məntəqələri üçün, bütün əsr və qərinələrdə nəzərdə tutulmuşdur. Eyni halda, ən kamil və tamamilə asan olan bir şəriətdir. Siz təsəvvür edin: ayaqların gecə-gündüz ərzində beş dəfə yuyulması dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar üçün nə qədər çətinliklər icad edə bilər! Bu çətinliklər səbəbilə də bir qrup dəstəmazdan və namazdan ikrahlı, bizar ola bilər!
Nəssin müqabilində ictihad etmək və məsh rəvayətini tərk etməyin nəticəsi, bax budur!
Belə bir ehtimal da verilə bilər ki, ğəsl (yuyulma) rəvayətlərinin hamısı yox, bir qismi saxta hədis düzəldilib yayılmasına qiymət verildiyi bir dövrdə – Bəni-üməyyənin xilafəti dövründə düzəldilmiş olsun. Bu mümkündür ki, Müaviyə saxta hədis yazanlara külli məbləğdə pul verərək bunu düzəltmiş olsun. Çünki hamımızın bildiyimiz kimi, Əli (əleyhis-salam) ayaqlara məsh çəkilməsinin tərəfdarı idi, Müaviyə də israrla deyirdi ki, hər bir şey o həzrətin dediyinin əksinə olmalıdır.
Aşağıdakı iki rəvayətə diqqət yetirin:
1-«Səhihi Müslüm»də qeyd edilir ki, Müaviyə, Sə’d ibn Əbi Vəqqasa göstəriş verdi ki, Əmirəl-mö’minin Əli (əleyhis-salam)-a lə’n desin.[1] Sə’d dedi: «Əlinin fəziləti barəsində Peyəmbərdən üç şey eşitmişəm ki, onu heç vaxt unuda bilmirəm. Kaş onlardan heç olmazsa biri məndə olaydı! Bu fəzilətləri külli miqdarda mal-dövlət və sərvətdən üstün hesab edirəm. Sonra «Təbuk» müharibəsində, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu «əma tərza ən təkunə li bimənziləti Harunə min Musa...» hədisini, «Xeybər» müharibəsində Əli (əleyhis-salam)-ın barəsində buyurduğu mühüm bir cümləni, eləcə də «Mübahilə» ayəsini bəyan etdi.[2]
Bu hədis Müaviyənin, Əmirəl-mö’minin Əli (əleyhis-salam)-la müxalifətçilikdə nə qədər israr etdiyini göstərir.
2-Çoxlu rəvayətlərdən mə’lum olur ki, islamın ilk dövrlərində iki qrup hədis düzəltməyə başlamışdı:
Birinci qrup zahirdə saleh, amma sadəlövh olanlar idi ki, bə’zi hədisləri Allah dərgahına yaxınlaşmaq üçün (qürbətən iləllah niyyəti ilə) düzəldirdilər. O cümlədən, zahirdə dindar olan bir qrup adam, camaatın Qur’an tilavətinə rəğbət göstərməsi üçün surələrin fəzilətinə dair çox qəribə hədislər düzəldir və Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə nisbət verirdilər. Çox təəssüflər olsun ki, onların sayı çox da az deyildi!
Sünnülərin məşhur alimi Qurtəbi «Təzkar» kitabında (səh.155) yazır: «Yalandan hədis düzəldənlərin Qur’an surələrinin fəziləti barəsində düzəltdikləri hədislərin e’tibarı yoxdur. Çoxları Qur’an surələrinin və (hətta) sair əməllərin fəziləti barəsində də bu işi etmişlər. Onlar bu işi qürbət qəsdilə yerinə yetirir və güman edirdilər ki, bu yolla camaatı yaxşı işlərə və fəzilətli əməllərə də’vət edirlər.» (Onlar ən böyük günahlardan olan yalanla zöhd və fəqahət arasında heç bir ziddiyyət görmürdülər!)
Həmin alim bə’zi mühəddislərdən və Hakimdən nəql edir ki, zahidlərdən biri Qur’an və onun surələrinin fəzilətində (qürbət qəsdi ilə) hədislər nəql etmişdir. Ondan bu işi nə üçün görməsini soruşduqda, demişdi: «Mən gördüm ki, camaat Qur’ana az əhəmiyyət verirlər, istədim ki, onların Qur’ana rəğbətini artıram.» Ona deyiləndə ki, axı Peyğəmbər: “Hər kəs mənim adımdan yalan desə, cəhənnəmdə öz yerini hazır etmişdir!” - deyə buyurmuşdur?!» Cavabında dedi: «Peyğəmbər buyurmuşdur ki, hər kəs mənim əleyhimə yalan desə; mən isə bu yalanları Peyğəmbərin xeyrinə deyirəm!»
Qurtəbi bu cür hədisləri nəql etməkdə tək deyildir; sünnü alimlərindən böyük bir qrupu da onu nəql etmişlər. (Əlavə mə’lumat almaq üçün «Əl-qədir»in 5-ci cildinin «kəzzabin və vəzzain» bölməsinə müraciət edə bilərsiniz.)
İkinci qrup isə külli məbləğdə pul almaqla Müaviyənin və Bəni-üməyyənin xeyrinə, Əli (əleyhis-salam)-ın zərərinə olaraq hədis düzəldirdilər. Misal üçün, Sümrət ibni Cündəb dörd yüz min dirhəm (gümüş) pul alaraq Əli (əleyhis-salam)-ın məzəmmətində və onun qatillərinin tə’rifində bir hədis düzəldərək dedi: “Və minən-nasi mən yəşri nəfsəhu...” («Bəqərə», 207) ayəsi Əlinin qatili – Əbdür-Rəhman ibni Mülcəmin, “və minən-nasi mən yu’cibukə qoluhu fil-həyatid-dünya” («Bəqərə», 204) ayəsi isə (nəuzu billah!) Əlinin barəsində nazil olmuşdr.»[3] Bunun kimi çoxlu yalan hədisləri qeyd etmək olar.
Deməli, Əli (əleyhis-salam)-la müxalifət edilməsi üçün dəstəmazda ayaqların yuyulmasına dair rəvayətlərin düzəldilməsi çox da təəccüblü deyildir.
[1] «Səhihi Müslüm», 7-ci cild, səh. 120
[2] «Səhihi Müslüm», 7-ci cild, səh. 120
[3] İbni Əbil-Hədid Mö’təzilinin «Müntəhəl-məqal»da nəql etdiyi kimi, Sümrətin tərcümeyi halı.