Bəsic (könüllü) hissələrinin və mədəni-maarif qruplarının məsciddə fəaliyyəti
Sərmayədar bir şəxs 15 il bundan öncə məscid tikdirmişdir. Hal-hazırda o məscidin inşası başa çatmışdır. Məscidin bir hissəsində Bəsic – Könüllü Müqavimət Qüvvələrinin bazası yerləşir. Məscidin banisi bəsic bazasının bu məscidin bir hissəsində yerləşməsinə razı deyil. Bir halda ki, bu baza həmin məhəllənin asayişini təmin etmək üçün çox zəhmətlərə qatlaşır. O məkanda olan fəaliyyətlər və qılınan namazlar səhihdirmi?
Orada müsbət yönlü islami mədəni-maarif işləri aparılırsa və namaz qılanlar üçün maneçilik törədilmirsə, caizdir. Əsil baninin icazəsi də şərt deyil.
İmamzadələrə deyilmiş qurbanların sərf olunma yerləri
İmamzadəyə nəzir edilən qoyundan hansı şəkildə istifadə edilməlidir? Nəzir edən adamın özü ondan istifadə edə bilərmi?
İmamzadəyə nəzir etdiyi qoyunun ətini o məkanın ziyarətçilərinə və o yerin fəqirlərinə verməlidir. Belə ki, özü də ziyarətçilərdən biridirsə, ondan bir pay apara bilər.
Qətli iddia edənlərin bilmədən and içməsi
Bir sinifdə təhsil alan 12 yaşlı iki oğlan uşağı məktəb saatı çatmazdan öncə çaya tərəf getmiş və onlardan bir çayda batmışdır. Suda batan uşağın qəyyumları iddia edirlər ki, yoldaşı onu çaya itələmiş və o, çaya düşüb suda batmışdır. Lakin ittiham olunan şəxs hadisəni inkar edir. Bu barədə heç bir bəyyinə (sübut) də yoxdur. Hətta onun yaşıdları olan uşaqlar arasında da hadisədən xəbəri olan yoxdur. Yuxarıda deyilənləri nəzərə almaqla, sual budur ki, iş and içməyə gəlib çıxarsa, kim and içməlidir? Bu məsələnin həlli üçün başqa bir yol varmı?
Sualda qeyd olunduğu kimi, hadisənin şahidi yoxdur. Qəsamənin andlarında yəqin lazımi şərtdir. İddia edən şəxsin və ya şəxslərin and içməsinin məsələdə heç bir təsiri yoxdur. Cinayəti sübut etmək üçün heç bir dəlil-sübut olmadığından, ittiham olunan şəxs bəraət alır və ehtiyat budur ki, uşaq and içsin.
İşə girmək üçün eyni cinsdən olmayan şəxs tərəfindən müayinə olunmaq
Sağlamlığa nəzarət, işə götürülmə, hərbi xidmət və s. üçün keçirilən tibbi praktika zamanı sağlam insanları müayinə etmək, onların bədənlərinə toxunmaq, eyni cinsiyyətdən olmadıqları şəraitdə caizdirmi?
Cəmiyyət üçün zərurəti olan şəraitdə caizdir.
Məscidin qədimi kitab və avadanlıqlarının muzeydə saxlanması
Ərdəkan şəhərinin bəzi məscidlərində bir miqdar əlyazma Quran və Quran hizbləri vardır ki, onların əksəriyyəti xarab və yarımçıqdır. Qalanları da məhv olmaq üzrədir. Hətta onların oğurlanması ehtimalı da var. Onları həmin məscidin adından əmanət adı ilə Ərdəkan şəhərinin muzeyinə vermək caizdirmi?
Məsciddə onlardan istifadə etmək mümkün deyilsə, yaxud məhv olmaq üzrədirsə, onları “əhsənə” çevirmək olar. Yəni onları muzeyə və qeyrisinə sataraq yerinə təzə Quranlar alıb məscidə vəqf etsinlər.
Məsciddə yeni qapının açılması
Məsciddə camaatın gəlib-getməsi üçün bir qapı vardır. Bəzi vaxtlarda (məsələn, məhərrəm ayında) qadınların da məscidə gəlməsinə görə ikinci bir qapıya ehtiyac duyulur. Bu halda məscidin bir tərəfindən ayrı bir qapı qoymaq olarmı? Belə ki, zərurət olan halda ondan istifadə olunsun və tələbat aradan gedəndən sonra yenidən giriş birinci qapıdan olsun.
Eybi yoxdur.
Qəsamənin əleyhinə iqrar
1268. Bir şəxs "qəsamə" * mərasimində qisasa məhkum olunmuşdur. İcra mərhələsində (qəti hökm çıxarılandan sonra) məhkum olunmuş şəxsin oğlu zərərçəkənin qəsdən öldürüldüyünü iqrar edir. Belə olduqda vəzifə nədir?
Bu məsələni bir neçə şəkildə təsəvvür etmək olar:1) Bu şəxsin (iddia edənin) özü qəsamənin bir hissəsidir və bu halda sonrakı iqrara əsasən əməl etmək (ölçü götürmək) olmaz. Bu iqrar yalnız iddia edən şəxs özünü təkzib edəndən sonra qəbul oluna bilər. 2) Onun özü qəsamənin hissəsi deyil və onun şəxsən andını qəbul etmək lazım deyil. İddia qəti olsa belə, özünü təkzib etməsə onun iqrarına etina etmək olmaz. 3) Onun iddiası gümana əsaslanır. Bu halda qəsamənin tələbinə əməl etməklə iqrarın tələbinə əməl etmək arasında ixtiyar sahibidir. Lakin hüquqi məsələlərdə güman əsasında olan iddianı qəbul etmək olmaz. Nəticə budur ki, özünü təkzib etməsə, iqrara əməl edə bilməz. * Hal şahidlərinin məhkəmədə xüsusi şərtlərlə and içmələri
Kart oyunu
(Bir şeyi) udub-uduzmaq şərt edilmədən kart oynamaq caizdirmi?
Əgər kart ürf (camaat) arasında qumar aləti ünvanından xaric olmuşdursa və yalnız əyləncə kimi istifadə olunursa, mal (pul) udub-uduzmaq olmadan onunla oynamağın eybi yoxdur.
Elmi praktika zamanı naməhrəm tərəfindən müayinə olunması
Müəllim tərəfindən vacib sayılan elmi praktika zamanı qadının nəbzini tutarkən, onu müayinə və müalicə edərkən oğlan tələbənin əlinin qadının əlinə toxunmasının, zəruri və qeyri zəruri halların hər ikisini nəzərə almaqla hökmü nədir?
Yalnız zəruri hallarda caizdir. Əgər köynəyin üzərindən tutmaq mümkün olarsa, bu üsluba üstünlük vermək lazımdır.
Xüms borcu da olan borclu meyit
Dünyadan getmiş şəxsin borcu varsa və xüms də borcludursa, qoyduğu irs isə hər ikisini ödəmək üçün kifayət etmirsə, varisi hansına üstünlük verməlidir?
Xümsü verilməmiş mal mövcuddursa, onun xümsünü verməyi önə çəkməlidirlər. O mal mövcud deyilsə, ehtiyat budur ki, malını hər iki borc sahibi arasında bölsünlər.
Əzadarlıq üçün deyilmiş qurbanların xərclənməsi
Zəncan şəhərində “Zeynəbiyyə” adlı bir məscid var ki, İmam Hüseynin (əleyhis-səlam) matəm günlərində bu məscidin əzadar dəstələrinin qarşısında çoxlu inək və qoyun qurban kəsilir. Bu ətlərdən bir hissəsi yemək hazırlanmaq üçün istifadə olunur və bir hissəsi də əhali arasında paylanır. Yerdə qalanı isə rəhbərlik heyətinin nəzarəti altında məscid binasının genişləndirilməsi, poliklinika inşası və ya bu kimi işlər üçün satışa verilir. Bu iş caizdirmi?
Əgər camaatın öncədən bu işlərdən xəbərləri varsa və bu işlərə razı olaraq qurbanlıq kəsirlərsə, eybi yoxdur. Əgər xəbərləri yoxdursa, ətləri əzadarlıq xərclərinə sərf etmək lazımdır.
Hücum edəni qətlə yetirməyin şəriət hökmü
İnsana hücum edən bir adamı və yaxud evə oğurluğa girən oğrunu öldürmək olarmı?
Əgər onu öldürməkdən başqa bir yol olmasa, bu iş caizdir və onun qanı hədərdir (qisası yoxdur).
Falçılığı özünə peşə seçmək
Bəzi şəxslər xaricdə (zahirdə) “Cameud-dəəvat”dan fala baxmaqla, bürclər vasitəsilə gələcəkdən, keçmişdən və müraciət edənlərin xəstəliklərindən xəbər verir və belə deyirlər: “Sənin filan problemlərin var və ya olacaq, filan qədər verməlisən ki, təsirli bir dua yazım”. Onlar qızlar və oğlanlar arasında, ər-arvad arasında məhəbbət duası, dəlilər üçün, cin toxunan insanlar üçün dua yazaraq, külli miqdarda pul alırlar və bundan əlavə, cümə və camaat namazlarında da iştirak edirlər. Buyurun ki, bu işlərin müqabilində pul almağın hökmü nədir?
Belə işlərin müqabilində pul almaq caiz deyil.