Namazda gülmək
Məsələ 1031: Bilərəkdən və bərkdən gülmək namazı batil edir. İxtiyarsız gülüş də belədir. Amma təbəssüm namazı batil etmir. Hətta bilərəkdən təbəssümün eybi yoxdur. Bir şəxs namazda olduğunu unudub səhfən gülərsə, namazı batil olmaz.
Məsələ 1031: Bilərəkdən və bərkdən gülmək namazı batil edir. İxtiyarsız gülüş də belədir. Amma təbəssüm namazı batil etmir. Hətta bilərəkdən təbəssümün eybi yoxdur. Bir şəxs namazda olduğunu unudub səhfən gülərsə, namazı batil olmaz.
Məsələ 1032: İnsan gülüş səsini boğmaq üçün özünü sıxarsa həmin vaxt halı dəyişsə, rəngi qızarsa və bədəni əssə, namaz qılan haldan çıxdıqda namazı batildir. Bu həddə çatmasa eybi yoxdur.
Məsələ 1033: Hətta ixtiyarsız olaraq ucadan ağlamaq namazı batil edir. Vacib ehtiyata əsasən, səssiz ağlamaq da namazı batil edir. Amma insan Allah qorxusundan, axirətə görə ağlasa nəinki namaz batil olmaz, bu hal üstün və övliyalara məxsus haldır.
Məsələ 1034: Əl çalmaq, atılıb düşmək kimi namazın formasını pozan işlər istər bilərəkdən, istər unutqanlıqdan baş versə, namaz batil olur. Amma namazın formasını pozmayan işlərin eybi yoxdur. Məsələn, əl ilə işarə etmək olar.
Məsələ 1035: Əgər namaz gedişində namaz qılan şəxs o qədər sussa ki, namazın forması pozulsun, namaz batildir. Amma namaz gedişində susan şəxs namazı pozacaq həddə susub-susmadığına şəkk etsə, namazı düzgündür. Eləcə də, bir işin namazın formasını pozmasına şübhə yarandıqda namaz düzgündür.
Məsələ 1036: Namazın formasını pozacaq şəkildə yemək və içmək namazı batil edir. Amma ağızda qalmış qida parçasını namaz vaxtı udmaq namazı batil etməz.
Məsələ 1037: İki rəkətli və üç rəkətli namazlarda rəkətlərin sayına münasibətdə yaranan şəkk namazı batil edir. Eləcə də, dörd rəkətli namazların birinci və ikinci rəkətində rəkətlərin sayı ilə bağlı şəkk namazı batil edir.
Məsələ 1038: Bir şəxs bilərəkdən və ya səhvən namazın rüknlərini artırıb-əskildərsə, məsələn, rüku və səcdələri artırıb-əskildərsə, namaz batil olar. Amma rükn olmayan hissələrin bilmədən artırılıb-əskildilməsi namazı batil etmir. Bu iş bilərəkdən baş versə, məsələn, bir səcdə artırılsa və ya əskildilsə, namaz batil olar.
Məsələ 1039: Əgər namazdan sonra şəkk yaransa ki, namazı batil edən işlərə yol verilib-yoxsa yox, bu şəkkə əhəmiyyət verilmir və namaz düzgündür.
Məsələ 1040: Namaz qılan şəxsin xüzu-xüşusunu (namazda qəlb və bədən təvazösünü) pozan istənilən bir iş məkruhdur (bəyənilmir). Sola-sağa baxmaq, (əlbəttə üz xeyli çevrilsə namaza tə’siri var), saç-saqqalla oynamaq, barmaqları oynatmaq, tüpürmək, üzüyün yazısına baxmaq, həmd-surə və zikr söyləyən vaxt başqasının sözünü eşitmək üçün sakit dayanmaq məkruhdur, bəyənilmir. Eləcə də, yuxulu halda namaz qılmaq, ayaqyoluna getmək zərurəti yaranan vaxt namaz qılmaq, dar paltarda namaz qılmaq bəyənilmir.
Məsələ 1041: Ehtiyata əsasən, vacib namazı bilərəkdən kəsmək olmaz. Amma əhəmiyyətli maddi və ya həyati zərərin qarşısını almaq üçün namazı kəsməyin eybi yoxdur. Məsələn, namaz qılan şəxsin və ya başqa birinin həyatı üçün təhlükə yaranarsa və namazı kəsmədən təhlükəni uzaqlaşdırmaq mümkün olmazsa, namaz kəsilməlidir. Eləcə də, insan qorunmalı olan malını hifz etmək üçün namazı kəsə bilər. Amma əhəmiyyətsiz bir mal üçün namazı kəsmək məkruhdur, bəyənilmir.
Məsələ 1042: Əgər namaza başlayandan sonra borclu öz borcunu tələb edərsə, namaz qıla-qıla, namazın surətini pozmadan borcu qaytarmaq mümkün olarsa, yaxşı olar ki, borcu sahibinə verilsin. Amma namazı kəsmədən bu işi görmək mümkün olmasa, namaz bitənədək səbr etmək lazımdır. Xüsusi bir zərurət olmadıqda (məsələn, borc sahibinin yoldaşları onu incitmədikdə) borcu namaz həddində yubatmağın eybi yoxdur.